Türkiyə neytral qalacaq?| Moskva və Brüssel arasında Ankara balansı

2025/05/1748330223.jpg
Oxunub: 611     18:21     29 May 2025    
Mayın 25-də Rusiya Ukraynaya qarşı müharibənin əvvəlindən bəri ən genişmiqyaslı raket hücumunu həyata keçirib. Rusiya mediasının məlumatına görə, hücumlar təkcə paytaxt Kiyevə deyil, həm də bir sıra vilayət mərkəzlərinə, o cümlədən dənizdən, qurudan və havadan olmaqla müxtəlif istiqamətlərdən həyata keçirilib. Cavab olaraq, Ukrayna tərəfi 160-dan çox pilotsuz uçuş aparatı ilə əks-hücumlar edib. Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak “The Guardian”a bildirib ki, Ukrayna döyüş əməliyyatlarını Rusiya ərazisinə keçirmək niyyətindədir və bunun üçün PUA-lar və uzaqmənzilli raketlərdən istifadə ediləcək.

Rusiya hərbi-sənaye kompleksi hələlik Ukraynanı üstələyir, lakin Qərb mətbuatına görə, qüvvələr balansının bərabərləşməsi üçün real imkanlar mövcuddur. Bu mövqe Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı, Litvanın keçmiş baş naziri Andryus Kubilyusun bəyanatı ilə əsaslandırılır. O, bildirib ki, “Avropa Rusiyanın Ukraynada qələbəsinə imkan verməyəcək”.

Komissarın təqdim etdiyi rəqəmlərə əsasən, ABŞ Ukraynaya 64 milyard avro, Aİ isə 82 milyard avro hərbi yardım göstərib. Bundan əlavə, Aİ Ukraynaya 70 milyard avro humanitar və maliyyə dəstəyi ayırıb, ABŞ isə 50 milyard avro dəyərində yardım göstərib. Kubilyus qeyd edib ki, ABŞ yardımını tamamilə dayandırsa belə, Aİ bu boşluğu ÜDM-nin cəmi 0,21%-i hesabına kompensasiya edə bilər. O, açıq şəkildə bəyan edib ki, Avropa “güc yolu ilə ədalətli sülh”ün təmin edilməsi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

Qərb analitiklərinin qənaətincə, Avropa ABŞ-dən silah alıb Ukraynaya vermək niyyətindədir. Ukraynanın strateji məğlubiyyəti Avropa üçün ciddi təhlükə kimi qiymətləndirilir. Aİ adətən qərarlarını uzun müzakirələrdən sonra qəbul edir, lakin Brüsselin son aylar göstərdiyi qətiyyət onu deməyə əsas verir ki, Rusiya atəşkəsdən imtina etməklə müharibəni davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Moskva, görünür, “zəif” Avropanın təzyiqlər qarşısında geri çəkiləcəyinə ümid edir.

Rusiyanın son raket hücumunu ABŞ “utancverici fakt” adlandırıb. Lakin prezident Trampın administrasiyası hələlik əlavə sanksiyalar tətbiq etməkdən çəkinir. Baxmayaraq ki, mənbələrin verdiyi məlumata görə, müvafiq qanun layihəsi artıq hazırlanıb və səsverməyə çıxarılsa, Senatda dəstək qazanacaq.

Rusiya və Ukrayna arasında danışıqların növbəti raunduna dair məlumat olmasa da, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçiriblər. Ukrayna prezidenti Zelenski bu razılaşmanı yeganə konkret nəticə adlandırıb və bir daha Rusiyaya qarşı sərt tədbirlər görülməsi çağırışı edib. Lakin rusiyalı ekspertlərin əksəriyyəti döyüşlərin payıza qədər davam edəcəyini düşünür.

İstanbulda əldə edilmiş ilkin razılaşmaya görə, tərəflər bir-birinə atəşkəslə bağlı mövqelərini təqdim etməli idilər. Lakin Moskva əvvəlcə siyasi razılaşma, sonra atəşkəs tələb edir ki, bu da faktiki kapitulyasiya deməkdir. Bu isə nə Ukrayna, nə də onun Avropa tərəfdaşları üçün qəbulolunan deyil.

Bu məqamda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfər edəcəyi məlum oldu. Rusiya Xarici İşlər Nazirliyi bu səfəri Cənubi Qafqazda vəziyyətin müzakirəsi ilə əsaslandırmağa çalışsa da, danışıqların əsas mövzusunun Ukrayna müharibəsi olacağı istisna edilmirdi. Məhz Hakan Fidanın təşəbbüsü ilə rus-ukrayna danışıqları zamanı əsir mübadiləsi məsələsi gündəmə gətirilmişdi. Rusiya XİN-in TASS agentliyinə açıqlamasında bildirilib ki, danışıqların növbəti raundu üçün ən uyğun məkan yenə də İstanbul qalır. Bu isə onu göstərir ki, Moskva üçün hələ də Türkiyənin vasitəçiliyi ən məqbul variantdır.

Əsas sual isə budur: Türkiyə Avropanın təşəbbüslərinə qoşulacaq, yoxsa Moskva Ankaranı neytral mövqedə saxlamağa nail olacaq? Əgər Putin Hakan Fidanı Kremlə dəvət edərsə, bu, Ərdoğanın hələ də Moskva üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Brüssel   Ankara   Balans  


Bizi "telegram"da izləyin